Azersundan xəbərlər

ABDOLBARİ GOOZAL PENSİLVANİYA UNİVERSİTETİNİN PROFESSORLARI İLƏ GÖRÜŞ KEÇİRDİ

14 avqust, 2009

Amerikanın ali təhsil ocaqlarından biri olan Pensilvaniya Universitetinin professorları Refik Çolpan və Oya Çolpan “Azərsun Holdinq”in qonağı olmuşlar. Görüşdə onların həmkarları,  “Qafqaz” Universitetinin rektoru prof. Əhməd Saniç və prorektor Təyyar Mustafayev də iştirak etmişdirlər.

Təşkil olunmuş bu görüşdə “Azərsun Holdinq” İctimaiyyətlə Əlaqələr və Sosial Xidmətlər Departamentinin müdiri Kazım Babayev, Tədris şöbəsinin müdiri Şahnaz Aras, İnsan Resursları Departamentinin bölmə rəisi Zülfiyyə Qarayeva, bölmə rəisi Bahadur Məmmədov və aparıcı mütəxəssis İxtiyar Abdullayev də iştirak edirdilər.

Qonaqlar ilk olaraq Tədris şöbəsinin 2008-2009-cu illər ərzində həyata keçirdiyi işlərlə tanış oldular. Onlar bir il ərzində bütün holdinq müəssisələrini əhatə edən tədris proqramlarının keyfiyyəti və tədrislərdə iştirak edən işçilərin fəallığı barədə ətraflı şəkildə məlumatlandırıldılar.

Pensilvaniya Universitetinin professorları Refik Çolpan və Oya Çolpan “Azərsun Holdinq”in idarə heyətinin sədri Abdolbari Goozal bəylə də görüşdülər. Cənab Abdolbari Goozal qonaqlarla görüşdən böyük məmnunluq hissi keçirdiyini vurğulayaraq, elm və təhsilə hər zaman böyük əhəmiyyət verdiyini dilə gətirmişdir.

Təhsillə bağlı yenilikləri daim diqqət mərkəzində saxlayan holdinq rəhbəri Abdolbari Goozal bəy Pensilvaniya Universiteti ilə əməkdaşlığa müsbət yanaşdığını, gələcəkdə inşasına başlanacaq “Xəyal adası” yaşayış kompleksi üçün nəzərdə tutulmuş beynəlxalq təhsil ocağının dünyanın qabaqcıl təhsil mərkəzləri ilə əməkdaşlığının planlaşdırıldığını bildirmişdir. Görüş zamanı cənab Abdolbari Goozal “Qafqaz” Universitetinin rektoru Əhməd Saniçlə də fikir mübadiləsi aparmışdır.

Qeyd etmək lazımdır ki, prof. Refik Çolpan 1966-cı ildə İstanbul Universitetinin Hüquq fakültəsini bitirmiş, 1970-ci ildə Pitsburq Universitetinin Dövlət və bələdiyyə idarəetməsi üzrə magistr dərəcəsi almışdır. Refik Çolpan 1987-ci ildən etibarən Pensilvaniya Universitetində İdarəçilik Kafedrasına rəhbərlik edir. Professor Oya Çolpan da bu nüfuzlu universitetdə çalışaraq fəaliyyət göstərir.



[Əvvəlki] [Sonrakı]