Azersundan xəbərlər

“QƏLBİMİN ŞÜŞƏSİ ŞUŞA”

7 may, 2009

Şuşa Dövlət Musiqili Dram Teatrı Şuşa şəhərinin işğal olunmasının 17-ci ildönümü ilə əlaqədar “Qəlbimin Şüşəsi Şuşa” adlı tədbir keçirdi.

Qarabağın dilbər guşələrindən biri olan Şuşa şəhərinin işğalından artıq 17 il keçir. Şuşanın işğal olunmasının 17-ci ildönümü ilə əlaqədar Şuşa Dövlət Musiqili Dram Teatrı tərəfindən hazırlanmış “Qəlbimin Şüşəsi Şuşa” adlı tədbir “Azərsun Holdinqin”in Mədəniyyət Mərkəzində qeyd olunmuşdur.

Tədbirdə ilk olaraq bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

Daha sonra “Azərsun Holdinq”in İctimaiyyətlə Əlaqələr və Sosial Xidmətlər Departamentinin müdiri Kazım Babayev çıxış etmişdir. İşğal altında qalan torpaqlarımızın tezliklə azad olunacağını söyləyən Kazım Babayev, holdinq tərəfindən yurd-yuvalarından məcburi köçkün düşmüş insanların diqqət mərkəzində saxlanıldığını və onlara hər zaman yardım edildiyini vurğulamışdır.

Tədbirdə Şuşanın icra hakimi Bayram Səfərov da çıxış etmişdir. Bayram Səfərov öz çıxışında Qarabağın səfalı yerlərindən biri olan Şuşanın qədim tarixi mədəniyyətindən bəhs etmişdir. O, işğal olunan torpaqlarımızın gec-tez azad olunacağına ümid etdiyini, bu torpaq və bu Vətən uğrunda şəhid olanların xatirəsinin hər zaman əziz olduğunu vurğulamışdır.

Sonra Şuşa Dövlət Musiqili Dram Teatrının səhnələşdirdiyi və Aygün Həsənoğlunun qələmə aldığı “Adsız qadın” tamaşası nümayiş etdirildi. Tamaşanın quruluşçu rejissoru əməkdar artist Loğman Kərimov idi. Tamaşada Qarabağ müharibəsində ermənilər tərəfindən ailəsi əsir götürülmüş və amansız işgəncələrə məruz qalmış qadının xatirələrindən bəhs olunurdu.

Əsirlik həyatı yaşayan qadının gözləri önündə ailəsinin məhv edilməsi, qadında ciddi psixoloji izlər qoymuş və o, zaman-zaman həmin hadisələrin təsirinə qapılaraq acı xatirələrini yada salır, ondan müsahibə alan jurnalistə nəql edirdi. Əməkdar artist Şükufə Musayeva və aktyor Etibar Cəfərovun tamaşada böyük məharətlə oynadıqları rollar kifayət qədər yaddaqalan olmuş və mono tamaşa tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır.

 

[Əvvəlki] [Sonrakı]