Azersundan xəbərlər
“YADDAN ÇIXMAZ QARABAĞ” İNCƏSƏNƏT HƏFTƏSİ ÇƏRÇİVƏSİNDƏ “AZERSUN HOLDİNG”İN MƏDƏNİYYƏT MƏRKƏZİNDƏ “AĞ QAYIQ” TAMAŞASI NÜMAYİŞ ETDİRİLDİ
7 oktyabr, 2008
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Yaddan çıxmaz Qarabağ” adlı ənənəvi incəsənət həftəsi keçirilmişdir. Aksiya çərçivəsində “Açıq qapı günü” elan olunmuş və respublikanın bir çox şəhər və rayonlarında sərgilər təşkil olunmuş, teatr-tamaşalar nümayiş etdirilmişdir.
“Azersun Holding”də bu təqdirəlayiq addımı yaxından dəstəkləmişdir. Belə ki, holdinqin Mədəniyyət Mərkəzində Şuşa Dövlət Musiqili Dram Teatrının səhnələşdirdiyi “Ağ qayıq” tamaşası nümayiş etdirilmişdir.
Tədbirdə çıxış edən İctimaiyyətlə Əlaqələr və Sosial Xidmətlər Departamentinin müdiri Kazım Babayev tamaşanın mövzusunun əhəmiyyətindən bəhs etdi. Elnurə Abdullayevanın əsəri əsasında səhnələşdirilmiş tamaşa Xocalı hadisələrini özündə əks etdirmişdir.
Dramatik janrda qələmə alınmış əsərdə müharibə illərini yaşamış və valideynlərini itirmiş iki gəncin saf məhəbbəti və onların bu ülvi məhəbbətə sadiqliyi tamaşada öz əksini tapmışdır. Ramil Zeynalov, Ləman İmanova və digər aktyorlar tərəfindən yüksək peşəkarlıqla canlandırılan obrazlar tamaşaçıların alqışları ilə qarşılandı.
| [Əvvəlki] | [Sonrakı] |

