Azersundan xəbərlər
“AZERSUN HOLDİNG” II BEYNƏLXALQ “QƏRB AZƏRBAYCAN İNFRASTRUKTURU” SƏRGİSİNDƏ İŞTİRAK ETDİ
25 sentyabr, 2008
“Azersun Holding” Gəncə şəhərində keçirilən beynəlxalq sərgidə uğurla iştirak etdi. Sərgidə iştirak edən rəsmilər isə “Azersun Holding” stendinə yaxınlaşaraq, şirkətlər qrupunun həyata keçirdiyi təqdirəlayiq işləri və fəaliyyətini yüksək dəyərləndirdiklərini xüsusi olaraq vurğuladılar.
Gəncə şəhərində II Beynəlxalq “Qərb Azərbaycan İnfrastrukturu” sərgisi keçirildi. Sentyabr ayının 22-24 tarixlərini əhatə edən sərgi “İteca Caspian” şirkəti tərəfindən təşkil olunmuşdur. 40-a yaxın şirkətin iştirak etdiyi sərgiyə ölkə iqtisadiyyatının güclənməsində əvəzsiz rolu olan “Azersun Holding”də qatılmışdı. Əsas fəaliyyəti qida sektoru olan “Azersun Holding” istehsal etdiyi yüksək keyfiyyətli məhsullarını bu sərgidə nümayiş etdirdi.
Qeyd etmək lazımdır ki, ölkə iqtisadiyyatının inkişafında “Azersun Holding”in rolu danılmazdır. Şirkətlər qrupunun “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində həyata keçirdiyi işlər bunun bariz nümunəsidir. Belə ki, holdinqin şimal bölgəsində fəaliyyət göstərən konserv zavodu, aran zonasında istifadəyə verilmiş şəkər zavodu, cənub zonasında yerləşən çay plantasiyalarında insanların işlə təmin olunması, bilavasitə onların rifah halının yaxşılaşmasına xidmət edir.
Bununla yanaşı “Azersun Holding” tərəfindən həyata keçirilən yeni layihələr də ölkə iqtisadiyyatına verilən bir töhfədir. Çünki inşa edilib istifadəyə verilən hər bir müəssisə, yeni iş yeri və istehsal deməkdir. İstifadəyə verilən müəssisə, eyni zamanda istehsalat sahəsinin inkişafına təkan verən amillərdən biridir.
Müəssisələrində modern avadanlıqların tətbiqi ilə yanaşı qida təhlükəsizliyinə də xüsusi diqqət yetirən “Azersun Holding” özünün keyfiyyətli və dünya standartlarına uyğun məhsulları ilə daim istehlakçıların xidmətindədir. Müxtəlif sərgilərdə nümayiş etdirilən və beynəlxalq mükafatlara layiq görülən bu məhsullar, məhz istehlakçıların istəyi nəzərə alınaraq istehsal edilir. Bununla yanaşı, xarici bazarlarda tanınmağı qarşısına məqsəd qoyan holdinq müəssisələri nəinki ölkədaxili, eyni zamanda xarici ölkələrdə keçirilən sərgilərdə də özünəməxsus, önəmli yer tutur.
Gəncə şəhərində keçirilən II Beynəlxalq “Qərb Azərbaycan İnfrastrukturu” sərgisi də artıq ənənə halını almaqdadır. Belə ki, ötən il fəaliyyətə başlayan bu sərginin əsas məqsədlərindən biri, yerlərdə fəaliyyət göstərən şirkətlərin bir-biri ilə əlaqələrinin qurulması, istehsal və xidmət sahələri ilə tanışlığı idi.
Sərginin açılış mərasimində Türkiyənin Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Hulusi Kılıç, Rusiyanın Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Vasiliy İstratov və Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da iştirak edirdi. “Azersun Holding”in stendinə yaxınlaşan rəsmilər, şirkətlər qrupunun həyata keçirdiyi təqdirəlayiq işləri və fəaliyyətini yüksək dəyərləndirdiklərini xüsusi olaraq vurğuladılar. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, “Azersun Holding”in müəssisələri tərəfindən istehsal olunan məhsulların yüksək keyfiyyətə malik olduğunu və bu istiqamətdə fəaliyyət göstərən holdinqin ölkə iqtisadiyyatının inkişafını dəstəklədiyini bildirdi.
II Beynəlxalq “Qərb Azərbaycan İnfrastrukturu” sərgisində qurulmuş “Azersun” stendi sərgi iştirakçılarının böyük marağına səbəb oldu.
Gəncə şəhərinin 2502 yaşının qeyd edildiyi bir günə təsadüf edən sərgidə Azərbaycan Beynəlxalq Bankı, “ASB”, "Bank of Baku", "Bank Respublika", "AtaBank", "Bakı Sığorta", "Qarant Sığorta", "Parex Leasing", "Kür", "Fatoğlu" və ölkənin bir sıra qabaqcıl şirkətləri də iştirak edirdilər.
| [Əvvəlki] | [Sonrakı] |

